VERGİLƏR NAZİRLİYİNİN RƏHBƏRLİYİ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə respublikamızın bütün regionlarından müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri iştirak edirdilər.
Vergilər naziri Fazil Məmmədov görüşdə çıxış edərək dedi ki, bu tədbiri keçirməkdən məqsəd Prezident İlham Əliyevin fevralın 2-də yeni açılmış Biznes mərkəzində iş adamları ilə görüşündə sahibkarların fəaliyyətinə nəzarət edən orqanların ünvanına iradlar söyləmiş və müvafiq tapşırıqlar vermişdir. Bizim məqsədimiz vergi orqanlarının fəaliyyəti, vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər haqqında məlumat vermək və sahibkarların çıxışlarını dinləyərək vergi sahəsində mövcud problemlərin həlli üçün həyata keçirilməli tədbirlər haqqında birgə fikir mübadiləsi aparmaqdır. Vergi orqanlarının əsas vəzifələri büdcə gəlirlərini təmin etməklə yanaşı, ölkədə iqtisadi inkişafı sürətləndirmək, əlverişli sərmayə mühiti yaratmaq, sahibkarların fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.
Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra Vergilər Nazirliyinin keçdiyi yola nəzər salan nazir dedi ki, ölkəmizdə iqtisadi inkişafın möhkəm təməli ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələndən sonra qoyulmuşdur. Məhz bu dövrdən başlayaraq Prezident Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində respublikamızda siyasi, sosial-iqtisadi sabitlik yaranmışdır. Bu da öz növbəsində ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsini təmin etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında ölkəmizin vahid vergi siyasətini həyata keçirən, respublikamızın büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradıldı. 2000-ci ilin sonunda nazirliyin strukturunda əsaslı dəyişikliklər həyata keçirildi, tədris mərkəzi yaradıldı və onun fəaliyyəti tam şəkildə təmin edildi. Həmin dövrdən vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi işləri mütəmadi olaraq həyata keçirilir. 2003-cü ildə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəzərə alınmaqla nazirliyin vəsaiti hesabına müxtəlif növ vergilərə aid 10 adda buklet hazırlanaraq 20 min nüsxə nəşr etdirilmiş, vergi ödəyicilərinə paylanmışdır. “Vergilər” qəzeti və “Azərbaycanın vergi xəbərləri” jurnalı təsis olunmuşdur. Hazırda MDB-yə üzv olan ölkələr arasında ilk dəfə olaraq, Bakı şəhərində fəaliyyət göstərən bütün vergi ödəyiciləri “195” nömrəli telefon məlumat xidmətinə zəng vurmaqla vergi qanunvericiliyinə dair bütün suallara cavab ala, həmçinin vergi orqanları ilə bağlı şikayət və təkliflərini bildirə bilərlər.
ABŞ-ın Azərbaycanda Ticarət Palatasının icraçı direktoru Canel Kloş, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov, Barmek-Azərbaycan Elektrik Şəbəkəsi Şirkətinin prezidenti Hüseyn Arabul və başqaları çıxışlarında qeyd etdilər ki, iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasəti çox mühüm rol oynayır. Azərbaycanda sahibkarlar yaranmış əlverişli şəraitdən bəhrələnərək daha sistemli inkişaf yolunu müəyyənləşdirirlər. Nazirliyin apardığı uğurlu siyasət nəticəsində yeni qanunvericilik bazası formalaşmışdır.