VERGİLƏR NAZİRLİYİNİN YARADILMASININ 6-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR
Mərasimdən əvvəl qurumun əməkdaşları, nazir Fazil Məmmədov başda olmaqla, Fəxri xiyabanı ziyarət etmiş, ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuşlar. Sonra onlar Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə isə əklil qoymuşlar.
Nazir Fazil Məmmədov mərasimi açaraq bildirmişdir ki, fevralın 11-i vergi əməkdaşlarının həyatında əlamətdar gündür. Məhz altı il bundan əvvəl həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Vergilər Nazirliyinin yaradılması haqqında Fərman vermişdir. Prezident İlham Əliyev isə həmin tarixin Azərbaycan Respublikasının vergi xidməti işçiləri günü elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Natiq vurğulamışdır ki, Azərbaycan tarixinin ən parlaq səhifələri ötən əsrin 60-cı illərinin sonundan başlanmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanda bütün sahələr dinamik inkişaf edirdi. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq, ölkəni böhran vəziyyətindən çıxarmış və respublika iqtisadiyyatının sürətli inkişafına nail olmuşdur. Hazırda ümummilli liderimizin böyük əməllərini Prezident İlham Əliyev uğurla davam etdirir.
Nazir daha sonra qeyd etmişdir ki, vergi orqanlarında əsaslı islahatların həyata keçirilməsinə 1999-cu ildən başlanmışdır. Həmin il vergi xidmətində kompleks islahatların müfəssəl strateji planı hazırlanmış, onun icrasının optimal müddətləri müəyyənləşdirilmişdir. Bu plan dünya standartlarına cavab verən yeni qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsini, vergi inzibatçılığının modernləşdirilməsini, buna müvafiq kadr siyasəti aparılmasını, vergilərin dövlət büdcəsinə tam və vaxtında köçürülməsi sahəsində tədbirlər proqramının həyata keçirilməsini nəzərdə tutur.
Fazil Məmmədov məlumat vermişdir ki, 1999-2000-ci illərdə respublikanın qanunvericilik və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Vergi Məcəlləsinin layihəsi hazırlanmışdır. Bu zaman beynəlxalq maliyyə qurumlarının, yerli və xarici iş adamlarının, mütəxəssislərin rəy və tövsiyələri nəzərə alınmışdır. Həmin sənəd Milli Məclisdə geniş müzakirə olunaraq, 2000-ci ilin iyul ayında qəbul edilmiş və 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir.
Vergi islahatlarının bundan sonra da davam etdirilməsi və daha çevik vergi sisteminin yaradılması nəzərdə tutulur. Vergi orqanlarının müasirləşdirilməsi ilə bağlı bir sıra layihələrin hazırlanması və tətbiqi planlaşdırılır.
Son illərdə pozuntulara görə bir sıra əməkdaşlar vergi orqanlarından uzaqlaşdırılmışdır. Nazir bildirdi ki, vergi orqanları öz sıralarının təmizliyi uğrunda bundan sonra da qətiyyətlə və dönmədən mübarizə aparacaq, bu mühüm dövlət orqanının adını ləkələyənləri vəzifədən kənarlaşdıracaqlar.
Fazil Məmmədov çıxışının sonunda nazirliyin əməkdaşları adından dövlətimizin başçısı İlham Əliyevi əmin etmişdir ki, vergi orqanlarının əməkdaşları ölkəmizdə uğurla aparılan iqtisadi siyasətə bundan sonra da sadiq olacaqlar.
Tədbırdə bir qrup vergi xidməti əməkdaşına nazirliyin Fəxri Fərmanı təqdim edilmiş, novbəti rütbələr verilmişdir.
Sonda mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.