“Vətən həsrəti sona çatır, bu, əvəzsiz bayramdır” – Quzeyxırman sakini
Füzuli, 23 oktyabr, AZƏRTAC
Xocavənd rayonunun Quzeyxırman kəndinin sakini Baxşeyiş İbrahimov 33 ilə yaxın davam edən köçkünlük həyatına son qoyaraq doğma yurda qayıdır. Məcburi köçkün düşəndə 37 yaşı olan Baxşeyiş İbrahimov hazırda 70 yaşındadır.
O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bütün bu illəri Vətən həsrəti ilə yaşadığını bildirir. Yurduna doğru yola düşən Quzeyxırman sakini, ilk növbədə, şəhidlərin və qazilərin xatirəsini yad edir, torpaqların azad olunmasında iştirak edən hər kəsə minnətdarlığını bildirir: “Bu gün şəhidlərimizi, qazilərimizi yad etməsək olmaz. Onların sayəsində torpağımıza qayıdırıq. Ali Baş Komandandan tutmuş sıravi əsgərə qədər hamıya minnətdaram”.
“Bayramlar, sevincli günlər çox olur. Bir gün ad günü keçirirsən, bir gün bayram olur. Amma indi Vətən həsrəti sona çatır, bu, əvəzsiz bayramdır. Bunu heç nə ilə əvəz etmək olmaz”, - deyə o əlavə edir.
Baxşeyiş İbrahimov köçkünlük illərinin asan keçmədiyini, çətinliklərlə üzləşdiklərini də yada salır. Lakin ümidlərini itirmədiklərini söyləyən sakinin sözlərinə görə, məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə köçkünlər diqqət və qayğı ilə əhatə olundu. Bu gün isə doğma yurdlarına qayıdırlar.
Sakin ata-baba torpağında yenidən məskunlaşacağı üçün sevincli olduğunu deyir. Qayıdış münasibətilə kənddə şənlik keçirməyi də planlaşdırdıqlarını bildirir: “Quzeyxırman dədə-baba torpağımız, öz kəndimiz, öz yerimiz olub. Bu gün də sevinclə qayıdırıq. Hamımız birlikdə yaxşı bir şənlik keçirəcəyik”.
Müxbir – Aydın Yavərzadə