CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Yeni təmin olunduğum protezdə özümü rahat və yüngül hiss edirəm

Bakı, 28 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin baş giziri Vaqif Nağıyev Vətən müharibəsi uğrunda döyüşlərə oktyabrın 1-dən qoşulub. O, Cəbrayıl, Qubadlı və Zəngilanın işğalçılardan təmizlənməsi əməliyyatlarında iştirak edib. 44 gün davam edən müharibədə Qələbə sevincini yaşayanlardan olub. “Cəbrayılın azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.
Bu il fevralın 16-da isə Qubadlı rayonunda Xanaqaya yüksəkliyi ətrafında ərazini minalardan təmizləyən yoldaşlarına kömək edərkən özü də minaya düşərək sol ayağını itirib. Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilən Vətən müharibəsi qazisi AZƏRTAC-ın müxbirinə deyib: “On gün müalicə alandan sonra artıq iki gündür ki, yüksək texnologiyalı protezlə təmin olunmuşam. Tam alışmasam da, özümü xeyli dərəcədə rahat və yüngül hiss edirəm. Bizə göstərilən bu qayğıya görə dövlətimizə çox minnətdaram. Hesab edirəm ki, protezə alışdıqdan sonra sərbəst hərəkət edəcək, yeriyəcək və əmək qabiliyyətimi bərpa etmək mümkün olacaq”.