Vətən müharibəsi qazisi: Yenidən çox sevdiyim peşəyə qayıtmaq, studiya açmaq istəyirəm
Bakı, 19 aprel, AZƏRTAC
Uşaqlıqdan video çəkilişlərə çox böyük maraq göstərmişəm. Əsgərlikdən əvvəl də rayonda toy məclislərində foto və video çəkilişləri aparmışam. Hərbi xidmətə gedəndən sonra çox sevdiyim bu işdən ayrılmalı oldum. Xidmətimi başa vurandan sonra Milli Ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmətimi davam etdirdiyimdən bu sahədəki fəaliyyətimi davam etdirə bilmədim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsində şərəfli döyüş yolu keçən gizir Əziz Zeynallı deyib.
Həmsöhbətimiz əslən Biləsuvar rayonunun Təzəkənd kəndindəndir. O, Vətən müharibəsinin ilk günündən Tərtərin ətrafındakı kəndlərin erməni yaraqlılarından təmizlənməsi əməliyyatlarında uğurla iştirak edib. 27 yaşlı keçmiş döyüşçü 2020-ci ilin payızında Suqovuşan istiqamətində bir sıra hərbi əməliyyatlarda şücaət göstərib. Onun döyüş bioqrafiyasında Təkər adlanan postun, ermənilərin komanda-müşahidə məntəqəsinin alınması xüsusi yer tutur. Oktyabrın 29-da döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşinə tuş gələn gizir ağır yaralanıb. Belindən daxil olan qəlpə və güllələr qarnından çıxıb, üstəlik qolundan da yaralanıb. Müxtəlif xəstəxanalarda müalicə alan Əziz həkim və tibb işçilərinin səyi nəticəsində sağalıb, demək olar ki, ciddi şikayətləri qalmayıb. O, iki ay Türkiyənin Antalya şəhərində beynəlxalq təcrübə layihəsində də iştirak edib. İkinci qrup müharibə əlili olan Əziz Zeynallı hazırda Ramanıda Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində montaj-operator kursunda öz sevimli peşəsinə yiyələnir.
Vətən müharibəsindəki xidmətlərinə görə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın alınmasına görə” medalları ilə təltif olunan gizir söhbət zamanı deyib: “Fikirləşdim ki, sevdiyim işi daha mükəmməl öyrənmək yaxşı olardı. Ona görə də altı aydır ki, burada videomontajla əlaqədar xeyli vərdişlərə yiyələnmişəm. Süjetin çəkilməsi, montaj edilməsi, videoçəkilişə səs yerləşdirilməsi, alt yazısı, loqo qoymaq və s. kimi vacib məsələləri öyrənmişəm. Buradakı şəraitdən çox razıyam. Əvvəla, kursda təlim verənlər peşənin bütün incəliklərinə yiyələnmək üçün çox böyük zəhmət çəkirlər. Səhərdən günortaya qədər məşğələlərimiz olur, gündə üç dəfə yeməklə təmin olunuruq. Mərkəzdə məişət şəraiti də yüksək səviyyədə təşkil olunub. Günortadan sonra istirahət edir, peşə-hazırlıq kursuna cəlb edilənlərlə şahmat, dama oynayır, asudə vaxtımızı maraqlı və yaddaqalan keçiririk. Mərkəzin yataqxanasında da hər cür şərait yaradılıb, burada səliqə-sahman göz oxşayır, hər şey peşə vərdişlərinə yiyələnlərin rahatlığına xidmət edir. Onlara yaradılan şəraitə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə təşəkkür edirəm. Kursu başa vurandan sonra isə doğma rayonda videostudiya açmaq, toy, şənlik, ziyafət və məclislərdə videoçəkiliş aparmaqla məşğul olmaq istəyirəm”.