Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsi anılıb VİDEO
Füzuli, 10 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun şəhadətə qovuşmasının ildönümündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyəti və idarə müəssisə əməkdaşları, şəhidin döyüşçü yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər gülər düzülüb. Məktəblilər qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndiriblər.
Şəhid anası Vətənin keşiyində dayanan iki övlad böyütdüyü üçün qürur duyduğunu bildirib. İndi həm şəhid anası, həm də qazi anası olduğunu fəxrlə dilə gətirən Səridə Zalova deyir ki, Fəqan hələ azyaşlı vaxtlarından ata-baba yurdunun həsrətini çəkirdi. Çünki Sabirabadda məcburi köçkün qəsəbəsində dünyaya göz açıb. Yaşa dolduqca gələcəyin hərbçisi olmağı qərara alıb. Əsgərlikdə olduğu zaman onun böyük qardaşı da ordu sıralarında xüsusi təyinatlı hərbçi kimi xidmət edirdi. Fəqan da qardaşının davamçısı olmaq istəyirdi. Belə də oldu, Fəqan həqiqi hərbi xidmətdən sonra xüsusi təyinatlı kimi Vətənə xidmət etməyə başladı. 44 günlük Zəfər yürüşündə isə qəhrəmanlıq göstərərək şəhadətə ucaldı.
Şəhid atası Amil Zalov qəhrəman övladı haqqında danışarkən bildirib ki, Fəqan Vətən müharibəsi zamanı yaralanmasına baxmayaraq, döyüşləri tərk etməyib. 44 günlük döyüşlər zamanı dəniz piyadalarının xüsusi təyinatlısı kimi bir çox uğurlu tapşırıqlarda xidmətləri olub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Müharibənin 44-cü günündə döyüşlərin bitməsinə dörd saat qalmış Fəqan qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Fəqan Zalov döyüşlərdə göstərdiyi xidmətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.