Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adı verilən liseydə xatirəsi anılıb VİDEO
Quba, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adını daşıyan Quba şəhəri Texniki təmayüllü liseydə keçirilən anım mərasimində şəhidin adının qeyd olunduğu giriş lövhəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, liseyin direktoru Gülzar Əyyubova və başqaları çıxış edərək, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən danışıblar.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilir. Bununla əlaqədar 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi qəhrəmanlarının adları verilib. Həmin təhsil müəssisələrindən ikisi Quba şəhərindədir.
Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun, Quba şəhəri Texniki təmayüllü liseyə isə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adları verilib.
Çıxışlarda qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı Mehrab Söhrab oğlu Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib.
Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd - xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib.
Mehrab Niftəliyev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə artilleriya qəlpəsi yarası alıb. Noyabrın 8-də isə şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin həyat və döyüş yolunu əks etdirən film nümayiş etdirilib.