Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adı verilən məktəbdə xatirəsi anılıb VİDEO
Quba, 23 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 23-də Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adını daşıyan Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən anım mərasimində şəhidin adının qeyd olunduğu giriş lövhəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və şagird kollektivi iştirak ediblər.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikasının ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilir. Bununla əlaqədar 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi qəhrəmanlarının adları verilib. Həmin təhsil müəssisələrindən ikisi Quba şəhərindədir.
Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun, Quba şəhəri Texniki təmayüllü liseyə isə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adları verilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov, Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Şahin Allahyarovun anası Nərgiz Allahyarova və başqaları çıxış edərək, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən danışıblar.
Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Çıxışlarda qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun həyat və döyüş yolunu əks etdirən film nümayiş etdirilib.