Vətən müharibəsi şəhidi Azər Şükürovun xatirəsi anılıb VİDEO
Beyləqan, 17 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonunda Vətən müharibəsi şəhidi Azər Şükürovun doğum günündə xatirəsi anılıb. Onun qəhrəmanlıq dolu həyatı və keçdiyi döyüş yolu bir daha xatırlanıb.
Anım mərasimində şəhidin ailəsi ilə bərabər, icra hakimiyyətinin nümayəndələri, məktəb və bağça kollektivləri, qazi və veteranlar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Çıxış edənlər Azərin həyatından və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. Bildirilib ki, Azər Şükürov 1994-cü il fevralın 11-də Beyləqanın Birinci Şahsevən kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından hərbçi olmağı arzu edən Azər həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. 2012-2013-cü illərdə ön cəbhədə xidmət keçən Azər hərbi xidmətini bitirib, mülki həyata geri qayıdıb. İyul hadisələri zamanı Azər könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. Vətən müharibəsinin ikinci günündə Azərə çağırış gələn zaman o, tərəddüd etmədən cəbhəyə yollanıb. Döyüş yolu Füzulidən başlayan Azər Cəbrayıl və Qubadlı uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.