Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə bulaq istifadəyə verilib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Biləsuvar rayonunun Əsgərabad kəndində Vətən müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adını daşıyan abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Vətən müharibəsi şəhidi Kənan Rüstəmli Bakı Slavyan Universitetinin (BSU) 2020-ci il məzunu olub.
Bakı Slavyan Universitetindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və digər şəxslər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasından qürur hissi ilə danışıblar. Çıxışlarda qeyd edilib ki, xalqımızın Vətən müharibəsində Qələbə qazanmasında Kənan Rüstəmli kimi igid, cəsur, vətənpərvər oğullarımızın əvəzsiz xidmətləri var.
Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova şəhid Kənan Rüstəmli ilə bağlı xatirələrini bölüşüb, onun təhsildə və universitetin sosial-mədəni həyatında fərqlənən, yüksək mədəni səviyyəyə malik, milli-mənəvi dəyərlərimizə sadiq bir gənc olduğunu vurğulayıb.
Sonra şəhid Kənan Rüstəmlinin ali təhsil haqqında diplomunun əlavəsi valideynlərinə təqdim edilib.
Şəhidin atası Yalçın Rüstəmli şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
BSU-nun nümayəndələri şəhid Kənan Rüstəmlinin məzarını ziyarət edərək önünə əklil qoyublar.
Sonra BSU-nun təmsilçiləri şəhid Kənan Rüstəmlinin evinə gedərək ailə üzvləri ilə görüşüblər. Görüş zamanı belə igid və vətənpərvər övlad böyütdüklərinə görə şəhid Kənan Rüstəmlinin valideynlərinə təşəkkür edərək həmişə onlarla həmrəy olacaqlarını bildiriblər.
Qeyd edək ki, abidə-bulaq kompleksinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin əməkdaşları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ziyalılar, rayon sakinləri iştirak ediblər. Tədbirdə BSU-nun Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Aygün Kərimova, professor-müəllim heyətinin nümayəndələri, o cümlədən şəhid Kənan Rüstəmlinin müəllimi olmuş Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Elyasova, xoreoqraf Əli Natiqoglu və universitetin tələbə-gəncləri də iştirak ediblər.