Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam etdirilir
Bakı, 28 iyul, AZƏRTAC
Vətən müharibəsində yaralanmış qazilərdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı verir.
Ümumilikdə, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Vətən müharibəsində yaralanmış 32 qazi ən son texnologiyalı protezlə təmin ediləcək.
Bu ilin martından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. İndiyədək əlilliyi olan 562 şəxsə mühərrikli təkərli oturacaq verilib və onların bir hissəsi müharibə əlilləridir.
Postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb olunublar.
Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.