CƏMİYYƏT
Vətənimizin hər qarışı şəhidlərimizin qanı ilə yoğrulub
Bakı, 1 dekabr, AZƏRTAC
Mən anadan olmamışdan 13 il əvvəl Laçın işğal olunub. Valideynlərim Laçın rayonundandır. Doğma yurdumu yalnız şəkillərdə görmüşəm. Hər zaman ürəyimdə torpaq nisgili olub, görmədiyim Laçın məni özünə çəkirdi. Allaha həmd olsun ki, xəyal etdiyim günlər reallığa çevrildi. Rayonumuzu görmək üçün səbirsizlənirəm.
AZƏRTAC xəbər verir ki, bunu paytaxt sakini Səlim Kərimli deyib.
“Torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı ilə yoğrulub. Hər zaman evdə valideynlərimiz, məktəbdə müəllimlərimiz bizə Vətən, torpaq sevgisini aşılayıb, hər birimizin şəhidlərimizə, qazilərimizə borclu olduğunu deyib. Qırx dörd gün davam edən müharibədə əsgərlərimizin göstərdiyi şücaət bizlərə örnək oldu. Biz də şəhidlərimizin, qazilərimizin davamçısı olaraq hər zaman torpaqlarımızın keşiyində dayanacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Haqlarını halal eləsinlər. Onları heç zaman unutmayacaq, qəhrəmanlıqlarını nəsildən-nəslə ötürəcəyik”,- deyə o bildirib.