Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 28-29-da Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkillində məqsəd veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, onların fəal idman həyatına cəlb edilməsi, idman ustalığının qorunması və stolüstü tennisin təbliğ edilməsidir.
Beynəlxalq stolüstü tennis qaydalarına uyğun şəxsi və qoşa formatda təşkil olunacaq yarışda 10-dək qadın və 50-dək kişi tennisçinin iştirakı gözlənilir.
Şəxsi görüşlərdə 30 yaşdan yuxarı qadınlar, 40-49, 50-59, 60 və yuxarı yaş qrupunda isə kişilər mübarizə aparacaqlar.
Şəxsi yarışlarda hər yaş qrupunun qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, kubok və mükafatları ilə təltif olunacaqlar.