SİYASƏT
Vilnüsdə azərbaycanlı nənə ilə nəvə də səsverməyə qatılıblar
Bakı, 7 fevral, AZƏRTAC
Ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz də Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar təşkil olunmuş səsvermədə fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyində yaradılmış seçki məntəqəsində keçirilən səsvermə prosesində Vilnüs şəhərində olan nənə və nəvə - Qələm İsmayılova və Fidan Dərgahlı da iştirak ediblər.
Vətəndən xaricdə olmasına baxmayaraq tələbə nəvəsi bir yerdə səfirlikdə yaradılmış seçki məntəqəsində səsverməyə qatılan 72 yaşlı Qələm İsmayılova deyib: “Seçkilərdə ruh yüksəkliyi ilə iştirak etdik. Mən ölkəmizin, xalqımızın və dövlətimizin daha da qüdrətlənməsi və rifahının artmasına səs verdim. Ən layiqli namizədi seçdim. Əminəm ki, dövlətimiz ahıl yaşda olan insanların qayğısına indiyə kimi necə qalırdısa, bundan sonra da bu belə olacaq”.
Biznesin idarəolunması fənni üzrə Vilnüs Dövlət Universitetində ali təhsil alan Fidan Dərgahlı ilk dəfə səsvermədə iştirak etdiyini bildirib.
“Həqiqətən də bu, ayrı bir hissdir. Mən, bir azərbaycanlı gənci olaraq ölkəmlə fəxr edirəm. Səsvermədə iştirak etməklə dövlətimizin maraqlarını, ölkəmizin inkişafını və xalqımızın rifahını təmin edəcək ən layiqli namizədə səs verdim”, - deyə F.Dərgahlı vurğulayıb.