DÜNYA
Virciniya ştatının qanunvericiləri hücum silahlarının satışına qadağa barədə qanun layihəsini rədd ediblər
Vaşinqton, 18 fevral, AZƏRTAC
Virciniya ştatının qubernatoru Ralf Nortamın hücum silahlarının satışına qadağanın tətbiq edilməsi barədə səyləri uğurla nəticələnməyib. Bazar ertəsi onun demokrat həmkarlarından bəziləri respublikaçılara qoşularaq qətnamənin əleyhinə səs veriblər.
AZƏRTAC xəbər verir ki, senatorlar qanun layihəsinin 12 aylıq müddətə təxirə salınmasına görə səs veriblər və cinayətkarlığa qarşı mübarizə üzrə dövlət komissiyasından bu məsələni daha diqqətlə öyrənməyi xahiş ediblər.
Qanun layihəsi bəzi yarıavtomat tüfənglərin, o cümlədən “AR-15” tipli populyar tüfənglərin satışına və mağazalarda 12-dən çox patron tutan silah sandığına sahib olmağa qadağanı nəzərdə tutur.
Bu qanun layihəsi silah üzərində nəzarət üzrə geniş tədbirlər paketi uğrunda fəal mübarizə aparan qubernator Nortam üçün əsas prioritetdir. Virciniya ştatı odlu silah əldə etmə və istifadə ilə bağlı intensiv diskussiyaların episentridir.
Ötən seçkilərin yekunlarına görə Virciniya Baş Assambleyasında əksər yerləri əldə edən demokratlar ştatda silah satışı və istifadəsində məhdudiyyətin tətbiq edilməsi üzrə tədbirlər görməyə söz veriblər.
Statistik göstəricilərə görə, yarıavtomat tüfənglərin satışa təqdim edildiyi 1960-cı illərdən bəri təqribən 8 milyon ədədə yaxın “AR-15” növlü tüfəng satılıb. ABŞ-da baş verən bir neçə kütləvi qətllərdə məhz bu tüfənglərdən istifadə olunub. Yarıavtomat silaha qadağa qoyulmanın tərəfdarları iddia edirlər ki, bu hücum tüfəngləri vasitəsilə qısa müddət ərzində adi tapança ilə müqayisədə daha çox insan həyatına son qoymaq mümkündür. Onlar “AR-15” növlü tüfənglərin ictimaiyyət tərəfindən ov və digər əyləncələr üçün deyil, yalnız hərbçilər tərəfindən döyüş meydanında istifadə olunmasının vacibliyini bildirirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu