Vüqar Nadirov: “Qarabağ”ın Avropa Liqasında daha da irəli gedəcəyinə inanıram
Bakı, 17 iyun, AZƏRTAC
Rəqibə hörmətlə yanaşmaq lazımdır. Onların da müəyyən imkanları və büdcələri var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.
O, ilk raundda İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin mərhələni adlamaq üçün kifayət qədər potensiala malik olduğunu bildirib: "Düşünürəm ki, "Qarabağ" İslandiya klubunu keçə bilər. Bununla belə, rəqibi də kiçiltmək olmaz. Avrokuboklarda zəif komanda olmur. Hər bir rəqibə ciddi yanaşmaq lazımdır".
V.Nadirov qeyd edib ki, "Qarabağ"ın heyəti hələ tam formalaşmayıb və transfer çalışmalarının davam etməsi komanda üçün vacib amillərdəndir: "Komandadan ayrılan futbolçuların yeri mütləq doldurulmalıdır. Kevin Medina və Toral Bayramovun gedişi ciddi itkilərdir. Hər iki oyunçu uzun illər kollektivin əsas üzvlərindən olub. Ancaq "Qarabağ"ın son illərdəki təcrübəsi göstərir ki, komandaya gələn futbolçular qısa müddətdə uyğunlaşa və faydalı ola bilirlər".
Sabiq hücumçu baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın yenidən uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Qarabağ" illərdir avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. İnanıram ki, bu mövsüm də komanda azarkeşlərini sevindirəcək. Hesab edirəm ki, "Qarabağ" UEFA Avropa Liqasında daha da irəli gedə və uğurlu nəticələr qazana bilər".
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. “Köhlən atlar”ın II raunddakı rəqibi bu gün bəlli olacaq.