Vyetnam Prezidenti müvəqqəti olaraq Kommunist Partiyası rəhbərinin səlahiyyətlərini icra edəcək
Pekin, 18 iyul, AZƏRTAC
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam hazırda müalicə alan hakim Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqun səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, bu barədə qərarı partiyanın siyasi bürosu qəbul edib.
Prezident To Lam partiyanın mərkəzi komitəsinə, siyasi bürosuna və katibliyinə rəhbərliyi həyata keçirəcək. Məsələyə dair rəsmi açıqlamada deyilir ki, partiyanın Baş katibi Nquyen Fu Çonq səhiyyə üzrə ekspert şurasının rəhbərliyi altında tibbi yardım və müalicə alır.
Partiyanın siyasi bürosu Baş katib Nquyen Fu Çonqun ölkənin ən yüksək mükafatı olan “Qızıl ulduz” medalı ilə təltif olunması barədə də qərar qəbul edib.
Qeyd edək ki, 2011-ci ildən partiyaya rəhbərlik edən 80 yaşlı Nquyen Fu Çonqın xəstəliyi barədə detallı məlumat açıqlanmayıb. O, son vaxtlar rəsmi tədbirlərdə nadir hallarda görünüb.
Vyetnamın sabiq ictimai təhlükəsizlik naziri, ordu generalı To Lam cari ilin mayında parlament tərəfindən ölkənin prezidenti seçilib. Bir çox siyasi şərhçi To Lamı partiyanın rəhbəri vəzifəsinə real namizəd hesab edir. Partiyanın Baş katibi Nquyen Fu Çonqun səlahiyyət müddəti 2026-cı ildə başa çatacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin