Vyetnamın paytaxtında yanğın olub, ölən və xəsarət alanlar var
Pekin, 13 sentyabr, AZƏRTAC
Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, paytaxtın Than Suan rayonundakı onmərtəbəli binanın qaraj kimi istifadə olunan birinci mərtəbəsində yanğın sentyabrın 12-də yerli vaxtla gecə saat 23:00 radələrində başlayıb. İlkin ehtimala görə binada 150 sakin yaşayırmış. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlərin, polis və mülki müdafiə qüvvələrinin yardımı ilə 70 nəfər xilas edilib, onlardan 54 nəfəri müxtəlif bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Yaralananlar və ölənlər arasında uşaqlar da var.
Hazırda hadisə yerində axtarış işləri aparılır. Yanğın pilləkəni olmayan binadakı kiçik ölçülü mənzillərdə kirayə əsasında xeyli sayda adam yaşayırmış. Bu səbəbdən ölü sayının artma ehtimalı böyükdür. Xəsarət alanların bəziləri xilas almaq üçün yuxarı mərtəbələrdən tullananlardır. Yanğın o qədər güclü olub ki, onun tüstüsü bir neçə kilometr məsafədən görünüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin