İQTİSADİYYAT
“WindEurope” ilə BOEMDA arasında imzalanan memorandumla bağlı məqalə dərc olunub
![“WindEurope” ilə BOEMDA arasında imzalanan memorandumla bağlı məqalə dərc olunub](/files/2024/1/1200x630/17121447703152814874_1200x630.jpg)
Bakı, 3 aprel, AZƏRTAC
TGS şirkəti “WindEurope” və Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (BOEMDA) arasında martın 1-də imzalanan külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu haqqında məqalə dərc edib.
AZƏRTAC TGS-nin dərc etdiyi məqaləyə istinadən xəbər verir ki, quruda və dənizdə külək enerjisinin inkişafına yönəlmiş bu anlaşma memorandumunun həm Azərbaycanın, həm də bütövlükdə Xəzər regionunun enerji keçidində həlledici rol oynayacağı vurğulanıb. Məqalədə bildirilib ki, bu əməkdaşlıq vasitəsilə tərəflər quruda və dənizdə regionun külək enerjisi potensialından istifadə edərək 2030-cu ilə qədər bərpaolunan enerji gücünün üç dəfə artırılması üzrə qlobal hədəfə mühüm töhfə verəcəklər.
Məqalədə Azərbaycanın həm quruda, həm də dənizdə külək enerjisinin inkişafı üçün böyük potensiala malik olduğun vurğulanıb.
“Azərbaycan hökuməti 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin ölkənin ümumi quraşdırılmış elektrik enerjisindəki payının 30 faizini təşkil etməsini istəyir. O, külək enerjisinin böyük hissəsini “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya ixrac etməyi planlaşdırır. Artıq Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə sualtı kabel xəttinin çəkilməsi üçün memorandum imzalayıb”, - deyə məqalənin müəllifi qeyd edib.
Müəllif bildirib ki, Avropada və qonşu ölkələrdə inşa edilən hər yeni külək turbini iqtisadiyyata orta hesabla 13 milyon avro gəlir gətirir. Beləliklə, yeni külək stansiyalarının tikintisi Azərbaycanın elektrik enerjisi təchizatını yaşıllaşdırmağa kömək etməklə yanaşı, həm də əhəmiyyətli iqtisadi faydalar gətirəcək. Avropa İttifaqı üçün isə bu, ekoloji cəhətdən təmiz elektrik enerjisinin daha bir sabit mənbəyi olacaq.
Məqalənin sonunda “WindEurope” və BOEMDA arasında imzalanan memorandumun öhdəlikləri qeyd olunub: “Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb”.