WUF13: Şəhərlərin sürətli urbanizasiyası fonunda qlobal miqrasiya tendensiyaları diqqət mərkəzindədir
Bakı, 20 may, AZƏRTAC
Bu gün miqrasiya getdikcə daha çox şəhər mühiti ilə bağlı prosesə çevrilir. Bu tendensiya iqlim dəyişikliyi, münaqişələr, demoqrafik dəyişikliklər və davam edən bərabərsizliklər fonunda formalaşır. 2026-cı il üzrə Dünya Miqrasiya Hesabatına əsasən, hazırda dünyada 304 milyon beynəlxalq miqrant yaşayır ki, bu da qlobal əhalinin təxminən 3,7 faizini təşkil edir. Onların iqtisadi və sosial töhfələri isə saylarından qat-qat böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməliyyatlar üzrə baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində təşkil olunan “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirəsində səsləndirib.
Onun sözlərinə görə, dünya sürətlə urbanizasiya olunur və artıq planet əhalisinin 55 faizindən çoxu şəhərlərdə məskunlaşıb. “Bu göstəricinin gələcəkdə 68 faizə yüksələcəyi proqnozlaşdırılır. Məhz buna görə də Beynəlxalq Miqrasiya Təşkilatı olaraq Azərbaycanda Dövlət Miqrasiya Xidməti ilə birlikdə WUF çərçivəsində əməkdaşlıq etməyimiz böyük əhəmiyyət daşıyır. Çünki şəhərləri miqrasiyanın əsas mərkəzinə çevirən tendensiyaların şahidi oluruq. Miqrantlar əsasən iş imkanlarının, xidmətlərin, sosial şəbəkələrin və müxtəlif fürsətlərin cəmləşdiyi şəhərlərdə məskunlaşırlar”, – deyə o bildirib.
Uqoçi Daniels qeyd edib ki, şəhərlər eyni zamanda mənzil təminatı, infrastruktur, ictimai xidmətlər və sosial həmrəylik sahəsində təzyiqlərin ən çox hiss olunduğu məkanlardır: “Buna görə də Beynəlxalq Miqrasiya Təşkilatı olaraq biz miqrasiyanı planlaşdırma, xidmətlərin göstərilməsi və dayanıqlılıq strategiyalarına tam inteqrasiya edən şəhər idarəçiliyinə çağırış edirik. Miqrasiya ikinci dərəcəli amil kimi nəzərdən keçirilməməlidir. O, şəhərlərin mənzil siyasəti, nəqliyyat, iqlimə uyğunlaşma, ictimai səhiyyə və sosial inklüzivlik planlarının əsas elementlərindən birinə çevrilməlidir”.