Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanılıb VİDEO
Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində iki evdən və bir oyun zalından iki televizor, iki rəqəmsal oyun avadanlığı, mobil telefon, qızıl-zinət əşyaları və notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib.
N.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb.
Saxlanılan şəxs qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti isə maddi sübut kimi götürülüb.
N.Əliyev barəsində Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.