Xaçmazda torpaq kanalın 3 min metrdən çox hissəsi beton üzlüyə alınıb VİDEO
Xaçmaz, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda yeni suvarma mövsümünə hazırlıq işləri aparılır. Artıq rayon ərazisində üç min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb.
Azərbaycan Meliorasiya və su Təsərrüfatı ASC-nin nümayəndəsi Xaləddin Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz rayonu ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qismi də artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır.
Növbəti suvarma mövsümünə hazırlıq məqsədilə torpaq kanallarda lil və kol-kosdan təmizləmə işləri həyata keçirilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 30-dan çox ağır texnika cəlb olunub.
Yeni beton kanalların çəkilməsi fermerlərin də işini xeyli asanlaşdırır. Bağ və sahələrin vaxtında suvarılması həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir.
Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Bu kanalların 1790 kilometri torpaq 220 kilometri isə beton məcralıdır.