ELM VƏ TƏHSİL
Xaçmazdakı təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir
Xaçmaz, 6 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar Xaçmaz rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun əməkdaşları təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirir.
AZƏRTAC xəbər verir ki, belə görüşlərdən biri noyabrın 6-da Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil edilmişdir. Polislə yanaşı yerli icra orqanlarının, təhsil şöbəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə şagirdlərlə hüquqpozmaların profilaktikası, təlim prosesindən yayınma, avaralıq, dilənçiliklə məşğul olma və erkən nikah hallarının qarşısının alınması yönümündə söhbətlər aparılmışdır.
Bildirilmişdir ki, 2013-cü ilin əvvəlinə olan statistik məlumatlara əsasən Xaçmaz rayonundakı 167 min nəfər əhalinin 63 min 400 nəfəri azyaşlı və yetkinlik yaşına çatmayanlardır. Çıxışlarda cinayət və hüquqpozmalara meyilli olan, habelə müxtəlif səbəblərdən baxımsız qalan, təhlükəli sosial vəziyyətlə üzləşən yeniyetmələri zərərli mühitdən qorumaq, onlara hüquqi, mənəvi-psixoloji və sosial yardımların vaxtında göstərilməsinin vacibliyi qeyd olunmuşdur.
Bu kimi maarifləndirici görüşlərin, kənd məktəbləri də daxil olmaqla rayonun əksər təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulmuşdur.