Xalq şairi “Məktəbdə...”
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan, “Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 28 nömrəli tam orta məktəbdə keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı Xalq şairi Ramiz Rövşən olub.
Görüşdə Ramiz Rövşən özünün uşaqlıq, gənclik illərindən, həyatında rol oynayan dəyərli müəllimlərindən, məktəb xatirələrindən söz açıb. Dillər əzbəri olan seirlərinin yaranma tarixçəsi, yaşlı və gənc nəsil arasında poeziyaya münasibət, tarixi Qarabağ Zəfərinin Azərbaycan poeziyasında, nəsr nümunələri və filmlərdə ən mükəmməl şəkildə öz əksini tapmasının vacibliyi kimi maraqlı mövzular ətrafında danışan R.Rövşən şagirdləri düşündürən suallara aydınlıq gətirib.
Məktəblilərlə görüşdə qonaq qismində aktyor, qiraətçi Xəzər Süleymanlı da iştirak edərək şairin seirlərini səsləndirib.
Daha sonra şagirdlər Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiyalar nümayiş etdiriblər.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.