Xalqımız şəhidlərimizin xatirəsini daim dərin ehtiramla yad edir
Bakı, 6 dekabr, AZƏRTAC
Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olanlar hər kəsin qəlbində əbədi heykəl qoyurlar. Şəhidlik əlçatmaz bir zirvədir. Bu yüksək zirvəni fəth etmək hər adama nəsib olmur. Yalnız Vətəni ana qədər sevənlər şəhidlik zirvəsinə ucalır, bu yüksəkliyi fəth edirlər. Belə oğul və qızlarımız daim hörmət və ehtiramla yad edilir.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
K.Seyidov deyib ki, dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmələri də bunun əyani təzahürüdür. Bu, bir daha təsdiqlədi ki, Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını qurban verənlər hər birimiz üçün qürur mənbəyidir. Onlar həyat durduqca yaşayırlar.
Dekabrın 4-də ölkəmizin bütün ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş anım mərasimlərinin keçirilməsi, məscidlərdə, kilsələrdə, sinaqoqlarda onların ruhuna dualar oxunması şəhidlərimizə olan ehtiramın bariz nümunəsidir. Qürurverici haldır ki, həmin gün təkcə ölkəmizdə deyil, dünyanın əksər yerlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu, Ermənistanın işğalçı siyasətini, Azərbaycanın isə haqq-ədalət, ərazi bütövlüyü uğrunda mübarizə apardığını təsdiqləyən daha bir faktdır.
Ermənistanın zaman-zaman Azərbaycana qarşı işğalçılıq siyasətinin, sərhədboyu ərazilərdəki təxribatlarının qarşısı mərd oğul və qızlarımız tərəfindən cəsarətlə alınıb. Söz yox ki, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış anarxiya və xaosdan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə ərazilərimizin bir hissəsini işğal etdilər. Həmin vaxt Azərbaycanda vahid komandanlıq və nizami ordu olmadığından ərazimizin 20 faizi işğala məruz qaldı. Bir milyondan artıq soydaşımız ata-baba yurdundan didərgin salındı. Ancaq ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyindən sonra həyat tədricən öz axarına düşdü. Ərazi bütövlüyümüzün təmin olunması prioritet vəzifə kimi qarşıya qoyuldu.
Son 17 ildə bu istiqamətdə həyata keçirilən uğurlu siyasi strategiya, hərbi quruculuğun prioritet vəzifəyə çevrilməsi artıq öz bəhrəsini verdi. Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistanı diz çökdürdü. İşğalçı ordu təslim olmaqdan başqa ayrı çıxış yolu tapmadı. Bu müharibədə 2783 şəhid verdik. Ancaq nə onların, nə də Birinci Qarabağ müharibəsində şəhid olanların qanı yerdə qalmadı. Şəhidlərimizin arzusu - ərazi bütövlüyümüzün təmin olunması reallaşdı.
Ermənistanın bu müharibədə saysız-hesabsız texnikası, canlı qüvvəsi məhv edildi. İşğalçı ölkənin siyasi-hərbi rəhbərliyinin şəhid olanlarla, itkin düşənlərin taleyi ilə maraqlanmaması Ermənistanda insanlara dəyər verilməməsindən, qeyri- humanist yanaşmadan xəbər verir. Faşizm ideologiyasının davamçılarndan bundan artıq nə gözləmək olar? Azərbaycanda isə şəhidlər hər birimizin qürur mənbəyidir. Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımız, and yerimizdir.
Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində saxladıqları prioritet vəzifələrdən biri də Vətənimizin müdafiəsində canlarını qurban verənlərə və sağlamlıqlarını itirənlərə xüsusi hörmət və ehtiramın göstərilməsidir.
Azərbaycan Prezidenti şəhid ailələri ilə görüşü zamanı bir daha bildirdi ki, şəhidlər heç zaman unudulmayacaq, onlara diqqət və qayğı dövlətimizin ən ümdə vəzifəsi olaraq qalacaq. Ölkə başçısı vurğuladı ki, müharibədən əziyyət çəkən vətəndaşlara şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir. Onlara dövlət tərəfindən mənzillər, minik avtomobilləri verilmişdir. Dünyanın heç bir ölkəsində şəhid ailələrinə Azərbaycanda olduğu kimi yüksək diqqət və qayğı yoxdur.
Dövlət başçımızın fəaliyyətində bu məsələ daim prioritet təşkil edib və bu gün də davam etdirilir. Prezidentin və Birinci vitse-prezidentin son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşləri də bunu sübut edir. Dövlətimizin başçısı şəhid ailələri ilə görüşü zamanı deyib: “Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.
Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlər, sağlamlığını itirənlər heç vaxt unudulmayacaq. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir.