CƏMİYYƏT
Xalqımız şəhidlərin uyuduğu müqəddəs məkanları ziyarət edib VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olunub. Düz dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımlar məhz həmin gün atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insan şəhidlərin uyuduğu müqəddəs məkanlara axışıb. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.
Anım Günündə ən çox ziyarət olunan məkanlar Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanı və İkinci Şəhidlər xiyabanı olub. Həmin gün səhər saatlarından başlayaraq, dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidlərimizin xatirəsini yad etmək üçün həmin müqəddəs məkanlara üz tutublar. Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunub, onlara bir daha minnətdarlıq ifadə olunub.
Respublikamızın hər yerində şəhid məzarları ziyarət edilib, izdihamlı anım mərasimləri keçirilib.