İQTİSADİYYAT
Xam neftin və təbii qazın bahalaşması bu sektor üzrə ixracı artırıb
Bakı, 15 dekabr, AZƏRTAC
Bu ilin doqquz ayında əmtəə ixracı 2,2 dəfə artaraq 30,7 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2,3 dəfə artaraq 28,7 milyard dollar olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ixrac olunmuş neft-qaz məhsullarının (28,7 milyard dollar) 15,9 milyard dolları xam neftin, 12,3 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 9 ayı üzrə qeyri-neft-qaz ixracı 21,5 faiz artaraq 2 milyard dollar olub.
Cari ilin 9 ayı üzrə əmtəə idxalı 27,4 faiz artaraq 9,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4 milyard dollar olub, bunun da 1,4 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 26,3 faiz artaraq 7,9 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda metalların (70,6 faiz), dənli bitkilərin (46,1 faiz), kağız məmulatlarının (42,6 faiz), kərə yağının (41,1 faiz), mebel məhsullarının (29,4 faiz), bitki yağlarının (20,6 faiz), ağac məmulatlarının (18,9 faiz), şəkərin (14,7 faiz), əczaçılıq məhsullarının (14,2 faiz), daş və şüşə məmulatlarının (11 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (10,5 faiz), tütün məhsullarının (9,8 faiz), tərəvəz məhsullarının (7,9 faiz), sabun və yuyucu vasitələrinin (6,8 faiz), minik avtomobillərinin (5,8 faiz) və ətir və kosmetik vasitələrinin (3,2 faiz) idxalı artıb. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (27,3 faiz), qazanlar, avadanlıq və mexaniki qurğuların (22,7 faiz) və hesablama maşınlarının (6,9 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4,3 faiz təşkil edərək 414,4 milyon dollar olub.