“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi keçirilib.
Bu barədə AZƏRTAC-a “Böyük Qayıdış” Gənclər Təşkilatından məlumat verilib.
Bildirilib ki, Şəki şəhərində təşkil edilən düşərgə Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.
Düşərgənin əsas məqsədi şəhid və qazi övladlarının asudə vaxtının səmərəli təşkili, onların şəxsi inkişafına və yeni bacarıqlar qazanmasına imkan yaradılması, komanda ruhunun və sosial əlaqələrinin gücləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərin təbliğidir.
Beş gün davam edən düşərgənin proqramı maarifləndirici və inkişafyönümlü təlimlər, müxtəlif görüşlər, idman və intellektual yarışlar, yaradıcılıq və əyləncə proqramlarını özündə birləşdirib.
Düşərgənin ilk günündə iştirakçılar Şəki şəhərinə səfər edib, Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra açılış mərasimində iştirak ediblər.
Düşərgə çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş bir sıra təlimlər keçirilib. Həmçinin iştirakçıların müxtəlif sahələr üzrə tanınmış mütəxəssislərlə görüşləri təşkil olunub. Eyni zamanda, iştirakçıların fiziki aktivliyinin, çeviklik və komanda bacarıqlarının inkişaf etdirilməsi məqsədilə düşərgə müddətində futbol, voleybol, stolüstü tennis, badminton, bilyard və stolüstü oyunlar üzrə yarışlar, eləcə də “Parkur yarışı”, “Airsoft turniri” və “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Düşərgə proqramında milli-mədəni irsin təbliği və yaradıcı fəaliyyətlərə də xüsusi yer ayrılıb. “İrs Art” master-klasında iştirakçılar Azərbaycan xəritəsi üzərində ölkənin müxtəlif bölgələrinə xas milli-mədəni simvolları, tarixi abidələri, təbiət mənzərələrini və folklor elementlərini yaradıcı şəkildə əks etdiriblər.
Düşərgənin bağlanış mərasimində millət vəkilləri Şahin İsmayılov, Ceyhun Məmmədov, Mircəlil Qasımlı, “Baku TV”nin direktoru Ramin Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Reyhan Ağayeva, Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Üzeyir Balaşov iştirak ediblər.
Bağlanış mərasimi çərçivəsində musiqili hissə də təqdim olunub.
İştirakçıların asudə vaxtının səmərəli təşkili və düşərgə ab-havasının daha da zənginləşdirilməsi məqsədilə DJ Party, “Cinema Time” və tonqal gecəsi kimi müxtəlif əyləncə proqramları da keçirilib.
“Xarıbülbül” yay düşərgəsi iştirakçıların yeni bilik və bacarıqlar əldə etməsinə, şəxsi inkişafına, komanda şəklində fəaliyyət göstərməsinə, milli-mədəni dəyərlərlə bağlılığının möhkəmləndirilməsinə və yeni sosial əlaqələr qurmasına şərait yaradıb”, - deyə məlumatda vurğulanıb.