Xarici ölkədə yaşayan şəxs tərəfindən narkokuryerliyə cəlb olunan usta tutulub VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış zamanı 2 kiloqram heroin aşkar edilib.
Araşdırma zamanı həmin şəxsin ev təmiri ilə məşğul olduğu və instaqramda gördüyü işləri reklam etmək məqsədilə səhifə açdığı müəyyən edilib. Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.