Xarici qonaqları ova aparan şəxs cərimələnib
Bakı, 15 oktyabr, AZƏRTAC
Xarici ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonu ərazisində ov etmələri barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs qonaqların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün ETSN-in aidiyyəti qurumlarına müraciət etməyib.
Bununla da Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə nazirliyin əməkdaşları tərəfindən oktyabrın 14-də Vüsal Ağayev barəsində protokol tərtib olunub. Ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18 500 manat məbləğində cərimə və iddia tətbiq edilib.