Xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektləri barəsində ciddi tədbirlər görüləcək
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazirlik tərəfindən ətraf mühitin mühafizəsi və Xəzərin ekoloji problemlərinin aradan qaldırılması istiqamətində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ekoloji problemlərin həlli məqsədilə ETSN tərəfindən intensiv tədbirlərin həyata keçirilməsinin davamlı xarakter daşıdığını və görülən işlərin artıq geniş ictimai dəstəklə qarşılandığını bildirib. Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyulub.
İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-in obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatıb. Yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.
Mətbuat katibi bildirib ki, yaşıllıqların qorunmasına yönələn tədbirlər daim nazirliyin diqqət mərkəzindədir. Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir.
İ.İbrahimova aktual məsələlərdən biri olan Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə də bağlı danışıb. O bildirib ki, Xəzəri çirkləndirənlərə qarşı Daxili İşlər Nazirliyi (DİN) ilə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir.
ETSN-in əməkdaşı Faiq Mütəllimov çıxışında Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirlikləri tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək birgə Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, eyni zamanda, Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Dövlət Dəniz Agentliyi və nazirliyin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb.
F.Mütəllimov Tədbirlər Planının icrası ilə bağlı ETSN və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin və Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağını əhatə edən ərazilərində və çimərliklərdə keçirilən birgə reydlər zamanı aşkar olunan qanun pozuntuları barədə məlumat verib. O bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə, 12500 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb.
“Belə mənfi faktlara baxmayaraq, işlərini düzgün təşkil edən, ekoloji normalara riayət edən istirahət mərkəzləri də var. Son iki gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq bəzi istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür. Bu reydlər mütəmadi xarakter daşıyacaq, Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə nazirliyin nümayəndəsi qeyd edib.
F.Mütəllimov Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin, kütləvi informasiya vasitələrinin rolunu xüsusi vurğulayaraq deyib: “Bu, təkcə bir qurumun işi və vəzifəsi deyil. Bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidir. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdır və qanun pozuntusu ilə bağlı məlumatların ötürülməsində bizə kömək göstərməlidirlər. Bunun üçün nazirliyin 168 nömrəli “Qaynar xətt” xidməti 24 saat ərzində fəaliyyət göstərir.
Lakin təəssüflər olsun ki, bəzi hallarda cərimələr də insanları bu əməllərini törətməkdən çəkindirmir. Bununla bağlı ETSN-in sərt mövqeyi mövcuddur. Qanun pozuntularına yanaşmamız bir neçə dəfə onlara çatdırılıb və ciddi xəbərdarlıqlar edilib. Onların qarşısında öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulub. Bu tələbləri pozanlara qarşı barışmaz mübarizə aparılacaq və çox sərt tədbirlər görüləcək”.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi Elçin Qubadov Xəzər dənizinin çirklənməsinə qarşı mübarizədə ETSN və DİN-lə yanaşı, icra hakimiyyəti strukturlarının, bələdiyyələrin də fəal iştirak etməli olduğunu deyib, ictimaiyyət nümayəndələrinin, vətəndaşların da dəstəyinin vacib olduğunu qeyd edib.
ETSN-in şöbə müdiri Rasim Səttarzadə Xəzər dənizinin çirklənməsi, onun səbəb və nəticələri haqqında məlumat verib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı dənizə tökülən 224 axar qeydə alınıb. Bu axarlar vasitəsilə dənizə gündə 1 milyon 850 min kubmetr tullantı suyu daxil olur. Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından burada formalaşan müxtəlif tərkibli tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bunun nəticəsində dənizin və sahil zolağının ekoloji vəziyyəti pisləşir.
Son onilliklərdə Xəzər dənizində balıq ehtiyatları kəskin azalıb və bu da ən çox antropogen təsirlərlə - dənizin çirklənməsi, neft-qaz əməliyyatları, çayların tənzimlənməsi, yad mənşəli növlərin gətirilməsi, brakonyerliklə bağlıdır. Xəzər ekosisteminə mənfi təsirlər nəticəsində kilkə ovu 10 dəfə azalıb. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Hazırda Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 1980-ci illərlə müqayisədə 2009-2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalıb və bütün Xəzəryanı ölkələrin ovu birlikdə olaraq təqribən min ton təşkil edib. 2011-ci ildən bütün Xəzəryanı ölkələrin ümumi razılığına əsasən nərəcinsli balıqların kommersiya ovlanmasına texniki moratorium tətbiq edilir. Hazırda nərə balıqlarının əmtəə ovu aparılmır, yalnız balıqartırma və elmi-tədqiqat məqsədlər üçün cüzi həcmdə ovlanır. Bundan əlavə, Xəzər dənizinin yeganə məməlisi və endemik fauna növü olan Xəzər suitilərinin də sayı XX əsrin əvvəllərində bir neçə dəfə azalıb”.
Nazirlik rəsmisi, həmçinin iyulun 20-də Rusiyanın paytaxtı Moskvada 5 Xəzəryanı ölkə tərəfindən imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” barədə də danışıb. O, protokolun imzalanmasında məqsədin Xəzər dənizinin təsərrüfat fəaliyyətinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflığın və davamlı inkişaf prinsiplərinin təmin edilməsi olduğunu vurğulayıb.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.