SİYASƏT
Xələf Xələfov: Bu il Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi gözlənilir VİDEO
Bakı, 24 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı danışıqlar davam edir. Bu il Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir.
X.Xələfov bildirmişdir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı artıq Rusiya tərəfi öz qərarını vermişdir. Digər Xəzəryanı dövlətlər də bu qərarı razılıqla qarşılamışlar. Hazırda işlər davam etdirilir.
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun sonuncu toplantısının Astanada keçirildiyini xatırladan X.Xələfov demişdir ki, növbəti iclas Aşqabadda olacaqdır. Aprelin 20-21-də isə xarici işlər nazirləri səviyyəsində konfransın keçirilməsi nəzərdə tutulur. Ondan sonra artıq sammitin keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşacaqdır.