Xətai rayonunda dörd mənzildən oğurluq edən iki qardaş saxlanılıb VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Xətai rayonu ərazisində dörd mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin saxlanılaraq istintaqa təqdim ediliblər.
Onlar zərərçəkənlərə ümumilikdə on min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkarlanıb.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onların paytaxt ərazisində oxşar cinayətlər törətdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.