Xətai rayonunda hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonu ərazisində hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Yaxınlıqdakı insanlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsiz əraziyə uzaqlaşdırılıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın 305 millimetrlik dəniz artilleriya mərmisi olduğu müəyyənləşdirilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.