CƏMİYYƏT
Xətai rayonunda obyektdə baş vermiş yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
14:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. NİİM-dən AZƏRTAC-a bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.