Xəzər dənizinin Azərbaycana aid sahil zolağında və çimərlik zonalarında monitorinqlər keçirilmişdir
Bakı, 12 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq monitorinqlər keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınmışdır. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatmışdır. Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Belə qurğuların quraşdırılmadığı məntəqələrdə (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) isə ötən il olduğu kimi, bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə həmin ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilmişdir.
Bu ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri həmin sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.
Son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən ETSN Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırmışdır. Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.