Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji təhlillər aparılmışdır
Bakı, 4 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 17 ədəd modul tipli təmizləyici qurğunun quraşdırıldığı Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərində mikrobioloji təhlillər aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Abşeron yarımadasının sahil zolağında modultipli təmizləyici qurğular quraşdırılmamışdan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı bağırsaq çöpü bakteriyalarının miqdarının normadan dəfələrlə artıq olduğu təyin edilmişdir. Lakin təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmış, bağırsaq çöplərinin miqdarı norma həddinə çatmışdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələri də göstərir ki, çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir.
Son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, Xəzər dənizinin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümündə çimmək üçün yararlıdır.