“XƏZƏR-LƏNKARAN” FUTBOL KLUBUNUN BƏYANATI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə futbolun inkişafı sahəsində ciddi dönüş yaranmışdır. AFFA prezidenti Ramiz Mirzəyevin bir qrup mütəxəssislə bölgələrə səfərləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iş adamları ilə görüşləri müsbət nəticə vermişdir. AFFA rəhbərliyinin ölkə çempionatının güclülər dəstəsində klubların sayının artırılması haqqında qərarı futbolun kütləviliyini artırmış, coğrafiyasını genişləndirmişdir. Bu qərardan bəhrələnən klublardan biri də “Xəzər-Lənkəran”dır. Göstərilən diqqət və qayğı, yaradılan şərait nəticəsində Lənkəran klubu XIII milli çempionatın liderlərindən birinə çevrilmişdir. “Xəzər-Lənkəran”ın uğurlu çıxışı ölkənin cənub bölgəsində futbola marağı xeyli artırmışdır.
İndi çempionatın qızğın çağıdır. Hər xal uğrunda gərgin mübarizə gedir. Bu gərginlik bəzən emosiyaları da artırır. Nəticədə futbolda o qədər də təcrübəsi olmayan klub funksionerləri hisslərə qapılıb həqiqətə uyğun olmayan fikirlər söyləyirlər. Təəssüf ki, belə bir hal “Xəzər-Lənkəran” klubunda da müşahidə olunmuşdur. Mətbuat konfranslarında, jurnalistlərlə söhbətlərində özünü bizim kluba yaxın bilən bəzi şəxslər guya AFFA-nın “Xəzər-Lənkəran”a qərəzli münasibət bəslədiyi, hətta rüşvət istədiyi barədə fikirlər söyləmişlər.
“Xəzər-Lənkəran” futbol klubu rəsmi surətdə bildirir ki, heç bir əsası olmayan bu fikirlər klub rəhbərliyinin mövqeyini əks etdirmir. Bizim AFFA ilə çox səmimi və işgüzar münasibətlərimiz var. AFFA “Xəzər-Lənkəran”ın bütün təkliflərinə, ara-sıra meydana çıxan problemlərin həllinə həssaslıqla, mövcud əsasnamələr çərçivəsində yanaşır.
“Xəzər-Lənkəran” futbol klubu AFFA-nın futbolumuzun inkişafı sahəsində gördüyü işləri yüksək qiymətləndirir, keçirilən bütün tədbirlərdə yaxından iştirak etməyə çalışır.
“Xəzər-Lənkəran” futbol klubunun
mətbuat xidməti