CƏMİYYƏT
Xəzər rayonunun Binə qəsəbəsində silahlı narkotacirlər saxlanılıblar VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, verilmiş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar Hacıyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmin silaha məxsus 5 patron aşkar edilib. Saxlanılan şəxs ifadəsində silahı satmaq məqsədilə əldə etdiyini bildirib.
3-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən dəstə üzvləri yaxalanıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elgün Əliyev tutulub. Onun üzərindən 1 büküm heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Vidadi Rzayev və onun başçılıq etdiyi, narkotik vasitələrin satışını təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq heroin, tiryək, eləcə də metamfetamin aşkar edilib. Namiq Rzayevin yaşadığı evdən istifadəyə yararlı “Walter” markalı tapança və patron darağı da aşkarlanıb.
Bu əməliyyatlar zamanı saxlanılan şəxslərlə bağlı keçirilən tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin ərazisində satmaq məqsədilə alıblar.
Həmçinin Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik vasitələri satdığı müxtəlif şəxslərdən əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin satışında və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.