XI Bakı Beynəlxalq Kitab Sərgisində tanınmış özbək yazıçısının romanının təqdimatı olub
Bakı, 3 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış müasir özbək yazıçısı Javlon Jovliyevin özbək dilində yazdığı “Qorxma” romanının təqdimatı keçirilib. Tədbir ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Qorxma” romanı çağdaş özbək ədəbiyyatında mühüm mərhələ hesab olunur.
2021-ci ildə bu əsər Özbəkistanda “İlin kitabı” seçilib və oxucular arasında geniş rezonans doğurub.
Bundan başqa, 2024-cü ildə bu romanın motivləri əsasında eyniadlı sənədli film çəkilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli təqdimat mərasimində vurğulayıb ki, tədbirin Bakıda keçirilməsi oxucular üçün təkcə yeni kitabla tanışlıq imkanı deyil, həm də regional ədəbiyyatda müasir mövzuların tədqiqi baxımından mühüm mədəni platformadır. O qeyd edib ki, roman tarixi yaddaşla müasir reallıqları bir-biri ilə mükəmməl şəkildə bağlayır: bir tərəfdən XX əsrin mürəkkəb dövrləri ilə bağlı kollektiv yaddaşa müraciət edir, digər tərəfdən isə gənclərin şəxsiyyət, daxili azadlıq və sosial məsuliyyət axtarışlarını araşdırır.
Xüsusi vurğulanıb ki, romanın özbək dilində – orijinalda nəşri müəllifin bədii konsepsiyasının və qayəsinin oxuculara çatdırılmasında mühüm rol oynayır. Bu versiya əsərin emosional təsirini, psixoloji qatlarını, ideya-bədii məzmununu tam şəkildə qoruyub saxlamağa imkan verir.
A.Mariflinin sözlərinə görə, romanın “İlin kitabı” elan edilməsi və onun filmə uyğunlaşdırılması Javlon Jovliyevin yaradıcılığına olan davamlı marağı təsdiqləyir.
Yazıçı təkcə cəsarətli mövzu seçimi ilə deyil, həm də dilinin və kompozisiyasının mükəmməlliyi, personajlarının psixoloji xarakteristikasının dərinliyi, lirik və faciə elementlərinin ahəngdar sintezi ilə seçilir.
Romanın müəllifi Javlon Jovliev çıxışında təqdimatın təşkilinə verilən dəstəyə görə minnətdarlığını bildirib və onu bu əsəri yazmağa ruhlandıran motivlərdən bəhs edib.
Onun sözlərinə görə, “Qorxma” romanı insanın özünü kəşf etmək, keçmişi dərk etmək, gələcəyə baxmaq kontekstində keçdiyi yol haqqındadır. Yazıçı qeyd edib ki, kitab fərdi taleləri ümumbəşəri mənəvi dəyərlərlə əlaqələndirir, oxucunu təkcə düşünməyə deyil, həm də cərəyan edən hadisələri dərindən başa düşməyə sövq edir. O, Bakıda oxucu auditoriyası ilə görüşü ədəbiyyatın birləşdirici gücünün, sərhədləri aşmaq qabiliyyətinin təsdiqi kimi qiymətləndirib.