XİDMƏT APARATINDA “QAYNAR XƏTT” FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Bakı, 11 aprel (AZƏRTAC). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) aparatında vətəndaşların ictimai etimadının artırılması, hüquq sahiblərini maraqlandıran sualların operativ cavablandırılması, onları narahat edən problemlərin həlli məqsədi ilə 148 nömrəli «Qaynar xətt» açılmışdır.
DƏDRX-dən bildirmişlər ki, bundan sonra hər bir vətəndaş respublikanın istənilən bölgəsindən 148 nömrəli telefona zəng etməklə əmlakının qeydiyyatı ilə bağlı ərizə, şikayət və müraciətlərini Xidmət aparatına ünvanlaya bilər. Eyni zamanda, hər kəs “Qaynar xətt” vasitəsilə əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi ilə bağlı suallar vermək, hüquqi məsləhət almaq, mülkiyyət hüquqlarının qeydiyyatı üzrə dövlət rüsumları barədə məlumat əldə etmək, ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi üzrə onu maraqladıran məsələlərə cavab almaq imkanı qazanacaqdır.
Operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə Xidmətin www.dedrx.gov.az internet səhifəsi vasitəsilə vətəndaşlara müraciətlərinin və elektron ərizələrinin birbaşa qəbulu imkanı da yaradılmışdır. Vətəndaşların virtual qaydada daxil olan müraciətlərinin aidiyyəti üzrə struktur bölmələrə və qurumlara çatdırılaraq qeydiyyata alınması və cavablandırılması üçün müvafiq sistem formalaşdırılmışdır. Artıq cari ilin birinci rübündə 50-dən artıq elektron müraciət cavablandırılmışdır.