Xızıda ailəsini ölümlə hədələyən şəxs saxlanılıb
Quba, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini Sabir Atlıxanovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Giləzi kəndində yaşayan Lamiyə Muxtarova iyulun 21-i səhər saatlarında Xızı Rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı Sabir Atlıxanovun özünü və valideynlərini ölümlə hədələdiyini bildirib.
Həmin vaxt L.Muxtarova da Giləzi kəndində valideynlərinin yaşadığı evdə olub. Rayon polis şöbəsi əməkdaşları müraciətə operativ reaksiya verərək dərhal hadisə yerinə gediblər. Polis əməkdaşlarını görərkən əvvəllər dəfələrlə məhkum olunan S.Atlıxanov özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, çox uzağa gedə bilməyib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan zaman onun üzərindən bir ədəd bıçaq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.