Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Babək, 18 fevral, Rauf Əliyev, AZƏRTAC
Erməni canilərinin dövlət səviyyəsində həyata keçirdikləri hərbi cinayət olan Xocalı soyqırımı XX əsrdə Çexiyanın Liditse, Belorusun Xatın, Fransanın Oradur, Vyetnamın Sonqmi kəndlərində törədilmiş qırğınlarla müqayisədə daha qanlı cinayət kimi bəşəriyyət tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Babək Rayon Mərkəzi Xəstəxanasında Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir” mövzusunda keçirilən konfransda səsləndirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransı xəstəxananın baş həkimi Xəlil Cəfərəliyev açaraq bildirib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları XX əsrin əvvəllərindən başlayıb və bu iddialar qanlı soyqırımlarla həyata keçirilib. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, İrəvanda, Naxçıvanda, Cənubi Azərbaycanda və digər yerlərdə törədilən soyqırımı aktları bunu sübut edir.
Vurğulanıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarına davam etdirərək Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər. Rəsmi məlumatlara görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Min nəfərdən artıq insan, о cümlədən 76 uşaq əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb.
Konfransda Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəhla Məmmədova, Yeni Azərbaycan Partiyası Babək Rayon Mərkəzi Xəstəxana ilk partiya təşkilatının sədri Hüseyn İsmayılov, xəstəxananın baş həkiminin müavini Vəliqulu Həsənov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və sistemli iş aparır.
Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.