Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş vəhşilikdir
Tərtər, 26 fevral, AZƏRTAC
XX əsrin dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da dərin hüznlə anılır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra məktəblilərin Xocalı soyqırımına həsr etdikləri rəsm sərgisinə və mədəniyyət evinin hazırladığı kompozisiyaya baxış keçirilib.
Gənclər Mərkəzində təşkil olunan tədbirdə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışılıb. Bildirilib ki, Xocalı soyqırımı təkcə xocalılılara qarşı deyil, türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktıdır.
Qeyd edilib ki, yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Faciənin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülüb.
Sonra rayon məktəbliləri arasında “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda keçirilən inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Rayonda məskunlaşmış Xocalı sakinlərinə isə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı paylanılıb.