XOCALI FACİƏSİ İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ ƏN DƏHŞƏTLİ CİNAYƏTDİR
Bakı, 22 fevral (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində baş vermiş dəhşətli hadisələrin Azərbaycan xalqının tarixinin faciəli səhifəsi olduğunu bildirmişdir. Həmin gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə yeksan etmişlər.
İ.Abbasov bu hadisələrdə xüsusi fəallıq göstərən erməni hərbçilərinin insanlığa silinməz ləkə olan soyqırımı aktı törətdiklərini, cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlının qəddarcasına, dözülməz işgəncə verilməklə öldürüldüyünü, 487 nəfərə ağır xəsarət yetirildiyini, 1275 sakinin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulduğunu söyləmişdir.
Tədbirdə çıxış edən akademiyanın əməkdaşları ötən əsrin sonlarında Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddiaları irəli sürərək işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə dünya ictimaiyyətinin bəzi dairələrinin bu günə kimi biganə yanaşmasını, bu faciənin indiyə kimi dünyanın bir sıra dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən hələ də soyqırımı kimi tanınmamasını böyük təəssüf hissi ilə qeyd etmişlər.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, bu kütləvi və amansız qırğın aktını, təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı cinayət və bəşər tarixinə qara ləkə kimi qiymətləndirmişlər.
Əminlik ifadə olunmuşdur ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi xəttinin layiqlı davamçısı, dövlətimizin başçısı İlham Əiyevin məqsədyönlü fəaliyyəti nəticəsində münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə ədalətlə həll olunacaqdır. Əks təqdirdə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, işğal altında qalmış ərazilərimizin silah gücünə geri qaytarılması təmin ediləcəkdir.