Xocalı faciəsi insanlıq tarixində ən dəhşətli terror aktlarından biridir
Ağsu, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının on illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Qeyd edək ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevriliblər və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ağsu Rayon Mərkəzi Kitabxanasında ziyalıların, gənclərin, Xocalıdan olan qaçqınların, fəal oxucuların iştirakı ilə keçirilən “dəyirmi masa”da səsləndirilib. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər konkret faktlarla diqqətə çatdırılıb. Vurğulanıb ki, bu faciə 613 nəfərin xüsusi amansızlıqla və işgəncələrlə öldürülməsi ilə nəticələnib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə uşaq idi. 1275 nəfər girov götürülüb, onların 150-nin taleyi indiyədək məlum deyil.
Çıxışlarda 24 il əvvəl törədilmiş bu soyqırımı aktının səbəbkarlarının cəzasız qalmayacağı vurğulanıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi yüksəlişindən, Azərbaycan ordusunun qüdrətlənməsindən danışılıb.
Tədbirin sonunda Xocalı soyqırımına həsr edilən sənədli film nümayiş etdirilib.