Xocalı faciəsi qurbanlarının xatirəsi “Cavab ver” tamaşasının nümayişi ilə anılıb
Qazax, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilib. Rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə, təşkilatlarda və dini qurumlarda keçirilən yığıncaqlarda və mərasimlərdə Xocalı qurbanlarının xatirəsi anılıb. Rayonun təhsil və mədəniyyət müəssisələrində soyqırımı qurbanlarının xatirəsinə həsr edilən foto, rəsm və şeir müsabiqələri keçirilib.
AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Qazax şəhərindəki Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.
Mərasimdən əvvəl, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Heydər Əliyev parkından Şəhidlər xiyabanınadək olan məsafədə yürüş edilib. Yürüş iştirakçıları xiyabanda Şəhidlərin xatirəsinə ucaldılan “Xatirə abidəsi”nin önünə tər qərənfil dəstələri düzüblər. Bundan sonra Mədəniyyət Mərkəzində mərasim davam etdirilib.
Tədbirdə Dövlət Dram Teatrının aktyorlarının ifasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zərəngiz Dəmirçi Qayalının Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi “Cavab ver” poeması əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Səhnə əsərində sözün bədi gücü ilə baş verən hadisələri böyük ürək ağrısı ilə şeirə, sözə çevirən şair, həm də əsl vətəndaş mövqeyini ortaya qoyub. Əsas qayəsi hamını Xocalını unutmamağa çağırış olan bu səhnə əsəri böyük maraqla qarşılanıb.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, erməni daşnakları 200 il bundan əvvəl torpaqlarımıza qarşı ərazi iddiası qaldırıb və zaman-zaman rus imperiyasının köməyi ilə həmin iddianı gerçəkləşdiriblər. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ermənilərin genosid və cinayətkar siyasəti nəticəsində baş verib. Bu faciə təkcə Azərbaycan xalqına deyil, ermənilərin bütün insanlığa, bəşəriyyətə qarşı törətdiyi ən ağır cinayətlərdən biridir.
Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilən soyqırımında Xocalı şəhərində 613 nəfər qətlə yetirilib. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırımına yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmədi, hadisənin əsl mahiyyəti xalqdan gizlədildi. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına və dünya ictimaiyyətinə hadisə barədə məlumat verildi. Bu qəddar cinayətin ilk hüquqi-siyasi qiymətini də ulu öndər Heydər Əliyev verdi. Onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı geniş müzakirə edildi, bu hadisəyə siyasi-hüquqi qiymət verildi.
Ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınır.