XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ LİDİÇE XATİRƏ KOMPLEKSİNDƏ ANILACAQDIR
AZƏRTAC xəbər verir ki, Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyəti Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlamışdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək tədbirlərdə Azərbaycandan nümayəndə heyəti də iştirak edəcəkdir.
“Azər-Çex” Cəmiyyətindən bildirmişlər ki, plana əsasən fevralın 25-də Praqanın Vaçlav meydanında qurulacaq çadırda Xocalı soyqırımını əks etdirən fotosərgi, sənədli filmlərin nümayişi təşkil olunacaq, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” kitabı, broşürlər, CD-lər paylanacaq, Dağlıq Qarabağla əlaqədar BMT TŞ-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb edən petisiya üçün imza toplanacaqdır.
Fevralın 26-da Azərbaycandan gəlmiş nümayəndə heyəti Lidiçe Xatirə Kompleksində olacaqdır. Xocalı şəhəri ilə eyni taleyi yaşamış Lidiçe qəsəbəsi II Dünya müharibəsi zamanı - 1942-ci il iyunun 10-da faşistlər tərəfindən yerlə yeksan edilmiş, əhalisi vəhşicəsinə qətlə yetirilmişdir. Həmin gün Lidiçedə 82, 15 il əvvəl fevralın 26-da isə Xocalıda erməni faşistləri tərəfindən 83 günahsız uşaq öldürülmüşdür. Tədbirin burada davam etdirilməsindən məqsəd Xocalı faciəsini Lidiçe vasitəsilə Çex xalqına çatdırmaqdır.
Bu il Çex rəsmilərinin də iştirakı ilə keçiriləcək tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla yad olunacaq, xatirə kompleksi önünə əklil, gül-çiçək dəstələri qoyulacaq, şəhidlərin ruhuna dualar oxunacaq, şamlar yandırılacaqdır. Xatirə kompleksində də Xocalı faciəsini əks etdirən fotosərgi açılacaqdır. Fotosərgi aprelə qədər davam edəcəkdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiya parlamentində, Xarici İşlər və Mədəniyyət naziriliklərində, Kladno şəhər meriyasında görüşlər keçirəcəklər.