Xocalı faciəsi qurbanlarının xatirəsi Norveçdə də anılacaqdır
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 23-də Norveç Azərbaycanlılarının Gənclər Təşkilatı (NAYO) Osloda fəaliyyət göstərən “Azərbaycan evi” ilə birgə Oslonun Saqene bələdiyyəsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş sərgi və anma mərasimi keçirəcəkdir.
Diasporla İş üzrə Dövlət komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın 1-dək davam edəcək sərgidə Xocalıda törədilmiş erməni vəhşilikləri yerli ictimaiyyətə göstəriləcək və bəşəriyyətə qarşı törədilmiş bu cinayətin Norveç dövləti tərəfindən də soyqırımı kimi qəbul olunması üçün bu ölkənin parlamentinə müraciət olunacaqdır. Sərgidə Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə NAYO-ya göndərilmiş Xocalı soyqırımını ətraflı əks etdirən 100-dən artıq kitab və şəkil nümayiş etdiriləcəkdir.
Anma mərasimində NAYO-nun və “Azərbaycan evi”nin fəalları çıxış edəcək, Xocalı qətliamına həsr olunmuş film nümayiş olunacaqdır.
NAYO-nun sədri Ramil Əliyev bildirmişdir ki, məqsəd ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərə Norveç hökuməti tərəfindən siyasi-hüquqi qiymətin verməlisinə nail olmaqdır. Burada yaşayan azərbaycanlılar və Norveç vətəndaşları kimi biz bunu ölkənin hökumətindən tələb edirik.