Xocalı faciəsi qurbanlarının xatirəsi Qaraçöpdə anılıb
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə Kaxeti bölgəsinin Yor Muğanlı (Qaraçöp) kəndində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qaraçöp mahalına daxil olan kəndlərin nümayəndələri, ziyalılar, din xadimləri iştirak ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
GAK sədri Hüseyn Yusubov Xocalı faciəsinin baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətdir. Bu faciə xalqımızın qan yaddaşıdır və şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmamalıdır.
Xocalı faciəsinə soyqırımı statusunun verilməsi ilə bağlı görülən işlər, bu istiqamətdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bugünkü nəticələri barədə geniş məlumat verilib.
Çıxışlarda erməni daşnaklarının xarici havadarlarının köməyi ilə xalqımıza qarşı törətdikləri cinayətlərdən danışılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi